“Bakı–Xankəndi” yarışı dünyada necə qarşılandı: Azərbaycan böyük velosiped idmanına qayıtdı

“Bakı–Xankəndi” yarışı dünyada necə qarşılandı: Azərbaycan böyük velosiped idmanına qayıtdı

İşğaldan azad olunmuş və sürətlə inkişaf edən Xankəndi şəhərində başa çatan beynəlxalq “Bakı–Xankəndi” velosiped yarışı Azərbaycanın hüdudlarından kənarda da böyük maraq doğuran idman hadisəsinə çevrildi.

Beynəlxalq velosiped mediası yarışa ilk növbədə idman prizmasından yanaşdı – hücum edən velosipedçilər, mərhələ qalibləri, komandaların çıxışı və ümumi təsnifat uğrunda mübarizənin həlledici məqamları əsas diqqət mərkəzində idi.

Lakin məhz həmin reportajlar və komandaların yarışdan sonrakı reaksiyaları tədbirin əsas əhəmiyyətini ortaya qoydu. 2017-ci ildə keçirilən sonuncu “Azərbaycan Turu”ndan doqquz il sonra Azərbaycan yenidən beynəlxalq şose velosipedi xəritəsində öz yerini tutdu.

İtaliyanın Bardiani CSF 7 Saber komandası yarış başlamazdan əvvəl “Bakı–Xankəndi”ni təxminən on illik fasilədən sonra Azərbaycanda yüksək səviyyəli peşəkar velosiped idmanının qayıdışı kimi qiymətləndirmişdi. Bu, ölkə üçün mühüm göstəricidir. Söhbət sadəcə növbəti idman yarışından deyil, vaxtilə beynəlxalq yarış təqvimində öz yerini tutmuş nüfuzlu yarışın yenidən bərpasından gedirdi.

Yarış beynəlxalq televiziya auditoriyasına da geniş şəkildə təqdim olundu. Mərhələlər və yarışın icmalları Eurosport, Discovery+, HBO Max və Prime Video kimi qlobal idman platformalarında yayımlandı. Velosiped idmanında bu cür yayımlar xüsusi əhəmiyyət daşıyır. Çünki tamaşaçılar yalnız idman mübarizəsini deyil, marşrut boyunca şəhərləri, yolları, təbiət mənzərələrini, finiş zonalarını və ev sahibi ölkənin ümumi atmosferini də izləmək imkanı əldə edirlər.

Yarışın ən çox diqqət çəkən beynəlxalq hadisələrindən biri İspaniyanın Burgos Burpellet BH komandasının Yeni Zelandiyalı velosipedçisi Coş Börnetin (Josh Burnett) qələbəsi oldu. İspaniya mətbuatı bu uğuru komandanın tarixində ən əlamətdar nəticələrdən biri kimi dəyərləndirdi. Börnet son mərhələnin qalibi olmaqla yanaşı, ümumi təsnifatda da birinci yeri tutaraq komandaya tarixi uğur qazandırdı.

Bu qələbənin daha bir mühüm tərəfi ondan ibarət idi ki, bu, Börnetin peşəkar karyerasında ilk qələbəsi idi. O, təkcə mərhələni qazanmadı, həm də həmin gün ümumi yarışın qalibi oldu və XDS Astana Team komandasının üzvü Henok Mulubrhanı cəmi üç saniyə qabaqladı.

Yarışın yaddaqalan məqamlarından biri də Naftalanda başa çatan dördüncü mərhələdə yaşandı. Bardiani CSF 7 Saber komandasının italiyalı velosipedçisi Marko Manenti (Marco Manenti) peşəkar karyerasının ilk qələbəsini qazandı. Komanda bu nəticəni gənc heyətin inkişafının göstəricisi kimi qiymətləndirdi. Yarışdan sonra komandanın idman direktoru Alessandro Donati bildirib ki, Bardiani CSF 7 Saber bütün mərhələlərdə yüksək səviyyədə çıxış edib, yarışın gedişində əsas rollardan birini oynayıb və Azərbaycandan bir mərhələ qələbəsi, bir neçə uğurlu nəticə və ümumi təsnifatın ilk onluğunda qərarlaşan iki velosipedçi ilə ayrılıb.

Qazaxıstanda isə diqqət əsasən XDS Astana Team komandasının çıxışına yönəldi. Komanda Yevgeni Fedorov və Qleb Sıritsa vasitəsilə iki mərhələnin qalibi oldu. Henok Mulubrhan isə ümumi təsnifatda ikinci yeri tutaraq son günədək yarışın qalibi olmaq uğrunda mübarizə apardı. Qazaxıstan mediası təkcə nəticələri deyil, həm də Astananın yarışa tam nəzarət etməsini, komanda şəklində koordinasiyalı fəaliyyətini və lider köynəyi uğrunda mübarizəni necə idarə etdiyini xüsusi vurğuladı.

Eyni zamanda, “Bakı–Xankəndi” təcrübəli idmançılarla yanaşı, yeni adların da özlərini göstərməsinə imkan yaradan yarış oldu. Fedorov, Sıritsa və Aleksey Şnırko üçün mərhələ qələbələri artıq peşəkar səviyyədə yeni hadisə deyildi. Lakin Börnet və Manentinin hekayələri yarışın başqa bir tərəfini nümayiş etdirdi – bu yarış velosipedçilərə karyeralarında yeni səhifə açmaq imkanı verdi. Bu baxımdan Azərbaycan yarışı yalnız saniyələr və UCI xalları uğrunda mübarizə deyil, həm də yüksəlməkdə olan velosipedçilərin beynəlxalq arenada özlərini təqdim edə bildikləri platformaya çevrildi.

Yarış Azərbaycan velosipedçiləri üçün də mühüm əhəmiyyət daşıyırdı. Milli komandanın heyətində Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelev və Tural İsrafilov çıxış edirdilər. Onların hər biri üçün bu səviyyəli yarışda iştirak məşqlərlə əvəz olunması mümkün olmayan təcrübə qazandırdı. Dünya Turunun, ProTeam və güclü kontinental komandaların velosipedçiləri ilə eyni pelotonda bir neçə gün mübarizə aparmaq, yüksək sürətə, mövqe savaşına, mürəkkəb mərhələlərə və beynəlxalq yarışın təzyiqinə uyğunlaşmaq gələcək inkişaf baxımından böyük əhəmiyyət daşıyır.

Məhz belə yarışlar yerli velosipedçilərin daha sürətli inkişaf etməsinə, müasir şose velosiped idmanının tələblərini daha yaxşı mənimsəməsinə və gələcəkdə daha yüksək nəticələr uğrunda mübarizə aparmaq üçün zəruri səviyyəyə yaxınlaşmasına kömək edir. Bu səbəbdən “Bakı–Xankəndi” yalnız Azərbaycanın beynəlxalq arenada tanıdılması baxımından deyil, həm də ölkədə velosiped idmanının inkişafı üçün mühüm platformadır.

Beynəlxalq reaksiyalara qayıdacaq olsaq, yarış Avropanın ənənəvi velosiped mediası ilə məhdudlaşmadı. Afrika velosiped idmanının inkişafına həsr olunan Africa Rising Cycling platforması afrikalı velosipedçilərin çıxışını işıqlandırdı və xüsusilə Xankəndidə başa çatan son mərhələnin mürəkkəbliyini vurğuladı. Bu platforma üçün “Bakı–Xankəndi” sadəcə növbəti yarış deyil, müxtəlif qitələrdən olan velosipedçilərin beynəlxalq təcrübə qazanması və özlərini nümayiş etdirməsi baxımından mühüm hadisə idi.

Yarışın yekun mesajı isə xüsusi rəmzi məna daşıyırdı. Marşrut Xankəndidə başa çatırdı, çoxgünlük yarış isə Azərbaycanın müxtəlif bölgələrindən keçərək idman mübarizəsini ölkənin coğrafiyası ilə birləşdirirdi. Bu, ölkənin təbliğinin şüarlar vasitəsilə deyil, hərəkət vasitəsilə həyata keçirildiyi nümunələrdən biri idi – yollar, canlı yayımlar, komandaların hesabatları, yarışın icmalları, velosipedçilərin paylaşımları və beynəlxalq media materialları vasitəsilə.

“Bakı–Xankəndi” velosiped yarışı göstərdi ki, bu layihə Azərbaycan üçün bir neçə gün davam edən idman tədbirindən daha böyük məna daşıya bilər. O, ölkəni hərəkətdə təqdim edən illik beynəlxalq idman layihəsinə çevrilmək potensialına malikdir. Bu layihə yalnız yekun nəticələrlə deyil, Azərbaycanın bölgələri, marşrutları, insanları və dünyanın müxtəlif ölkələrinə yayılan görüntüləri ilə yadda qala bilər. Layihə nə qədər ardıcıl inkişaf etdirilərsə, onun həm Azərbaycanın beynəlxalq idman imicinə, həm də yerli velosipedçilərin inkişafına töhfəsi bir o qədər böyük olacaq.

https://www.idman.biz/

Baku-Khankendi Azerbaijan cycling race

© 2026 Bütün hüquqlar qorunur.